вторник, 18 марта 2014 г.

TORPAQ


Torpağın əsas xassəsi münbitliyidir. Münbitlik torpağın bitkini normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə təmin etmək qabiliyyətidir. V.R.Vilyamsın qeyd etdiyi kimi, torpağı dağ süxurundan fərqləndirən məhz bu əhəmiyyətli keyfiyyəti onu "Yer kürəsinin quru səthinin bitkiyə məhsul verməyə qabil olan üst horizontu kimi təyin edir".
Torpaq və torpaq örtüyünün inkişafı, həmçinin münbitliyinin formalaşması, torpaqəmələgəlmənin təbii amillərinin ahəngi və insan cəmiyyətinin müxtəlif təsirləri ilə, onun məhsuldar qüvvələrinin, iqtisadi və sosial şəraitlərinin inkişafı ilə çox sıx bağlıdır (Q.Ş.Məmmədov, 2007).
Torpağın ən üst qatın rəngi daha tünddür. Torpağın üst qatında bitkilərin köklərinə, çürümüş bitki qalıqlarına, eləcə də yağış qurdlarına, həşərat və başqa heyvan qalıqlarına təsadüf edilir. Bu qatlar mikroorqanizmlərin təsirilə parçalanaraq çürüntü təşkil edən maddələri əmələ gətirir. Həmin çürüntü köklərlə birlikdə torpağın rəngini tündləşdirir. Alt qatlarda çürüntü və bitkilərin kökİəri nisbətən azalır. Ona görə də alt qatlarda torpağın rəngi üst qatdan açıq olur. Torpağın alt qatlarında, adətən, qum, gil və daşlar olur. Hər bir torpaqda çürüntü vardır, bununla da o, dağ süxuru, qum və ya gildən fərqlənir.
Tərkibində çürüntü çox olan torpaqlarm rəngi qara olur. Belə torpaqlar qaratorpaq adlanır. Qaratorpaq rütubəti yaxşı saxlayır, tərkibində qida maddələri çox olur. Çürüntü maddələri ilə zəngin olan torpaq münbit sayılır. Münbit torpaqlardan həmişə yüksək və sabit məhsul əldə edilir.
Yer kürəsi və onun ayrı-ayrı materikləri üçün bu qanunauyğunluqlar iqlim və bitki örtüyünün zonal dəyişikliyi ilə əlaqədardır. Bu cəhət torpaqların üfüqi və şaquli zonallıq qanununa uyğun inkişafında özünü göstərir. Kiçik ərazilərin torpaq örtüyünün xüsusiyyətləri ilk növbədə relyefin, ana süxurun tərkib və xassələrinin torpağın iqliminə, bitki və torpaqəmələgəlməyə təsiri ilə bağlıdır.
Özünün xüsusi keyfiyyəti sayəsində torpaq üzvi aləmin həyatında mühüm rol oynayır. Landşaftın həm məhsulu və həm də elementi – xüsusi təbiət cismi olmaqla, o, yer kürəsi təbiətinin inkişafında əhəmiyyətli mühit kimi çıxış edir. Atmosfer, biosfer, hidrosfer və litosfer ilə fasiləsiz maddə və enerji mübadiləsi halında olan torpaq örtüyü bütün bu sferalar arasında Yerdə təşəkkül tapmış və özünün çoxçeşidli formalarında həyatın inkişaf və mövcudluğu üçün zəruri olan müvazinətin saxlanmasında əvəzsiz şərt kimi çıxış edir.

Münbitlik xassəsinə malik olmaqla torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi kimi çıxış edir. Torpaqdan istehsal vasitəsi kimi istifadə etməklə, insan torpaqların xassələrinə, rejimlərinə və münbitliyinə, həmçinin torpaqəmələgəlməni müəyyən edən təbii amillərə bilavasitə təsir etməklə torpaqəmələgəlməni əhəmiyyətli dərəcədə dəyişir; meşələrin salınması və qırılması, kənd təsərrüfatı bitkilərinin becərilməsi təbii bitkiliyin görkəmini, qurutma və suvarma isə ərazinin nəmlik rejimini dəyişir və s. Torpağın becərilməsi, gübrələrin tətbiqi və kimyəvi meliorasiya tədbirləri (əhəngləmə, gipsləmə və s.) də torpaqlara az təsir göstərmir. Nəticə etibarilə, torpaq təkcə insan əməyinin tətbiq predmeti deyil, eyni zamanda bu əməyin məhsuludur. Beləliklə, torpaqşünaslıq torpağı xüsusi təbiət cismi kimi, istehsal vasitəsi kimi, insan əməyinin tətbiq və akkumulyasiya edildiyi predmet kimi, həmçinin müəyyən dərəcədə bu əməyin məhsulu kimi öyrənir.

Комментариев нет:

Отправить комментарий